
Xuraman Muradova - Zamanın və sözün hökmü
Zamanın və sözün hökmü
Xuraman Muradova
Gəl qənimət bil bu anı, bəlkə sabah gəlmədi,
Ömrü verdik boş vəfaya, kimsə qədrin bilmədi.
Bu həyat bir fanidir, sahilində biz qonaq,
Çox sabahlar keçdi getdi, ruhu kimsə bilmədi.
Gör necə rəngdən-rəngə girmiş səmanın qatları,
Hər batan gün ömrümüzdən bir nişan, bir qüssədir.
Lal dayansan da bu sahildə, sükutun bir kəlam,
İçdəki fəryad qopar ki, vaxt amansız kimsədir.
Mülkü-dünya bir yalandır, aldanıb qəlb vermə sən,
Hər nə gəlsə haqdan istə, özgə qapı döymə sən.
Yadigar tək hikmət olsun hər sözün, hər söhbətin,
Sən ləyaqət taxtındasan, fani mülkü sevmə sən.
Sən nəfəs tək saf yaşa, qoyma kədər rəngin sola,
Ruhunu sadiq saxla, çıx hər zaman doğru yola.
Gün batır, sakitcə seyr et fani ömrün rəsmini,
Vaxt bitəndə imkan olmaz təkrarən bir an ola.
Yaz, Xuraman, qoy kəlamın ömrə yazsın izini,
Fani mülk silinsə də, silməsin sözün izini.
Bil, bu imzan bir çıraqdır, haqq yolunda nur saçar
Söz yaşatdıqca səni — susdurar zaman özünü.
Susdurar zaman özünü
Hələ təsdiqlənmiş rəy yoxdur.