
Xuraman Muradova - SEVGİLİMDƏN BİR XƏBƏR
SEVGİLİMDƏN BİR XƏBƏR
Xuraman Muradova
Sevgilimdən bir xəbər
Küləklərdən istədim.
Küləklər də söylədi:
«Mən onu heç görmədim…»
Sonra tutdum üzümü
Yağan yağmurlara mən.
Yağmurlar da utanıb
Yağmadı, küsdü məndən.
Dedi: «Bizdə xəbər yox
Sənin o sevgilindən…»
İstədim ki, soruşam
Səni mavi Xəzərdən.
Xəzər də cuşa gəldi:
«Xəbər gözləmə məndən…»
Sonra baxdım göylərə,
Üz tutdum günəşə mən.
Günəş də küsmüş məndən,
Dedi: «Aydan soruş sən…»
Heç özüm də bilmədən
Üşüdü ruhum nədən.
Aydan xəbər istədim,
Ay da utandı məndən.
Qorxdu, şahid çəkərəm
Onu sevgimizə mən…
Sevgilimdən bir xəbər,
Bir xəbər verin, yetər…
Ay da üzümə baxdı,
Baxışında min kədər.
Dedi: «Sən onu niyə
Sevdin axı bu qədər?»
Küləklər də susdular,
Yağmurlar küsdü məndən.
Lal qaldı mavi Xəzər,
Günəş də küsdü məndən…
Ay da gizlənib getdi,
Üzündə qəm və kədər.
Söylədi: «Bəs sən onu
Niyə sevdin bu qədər?»
Söylədi: «Bəs sən onu
Niyə sevdin bu qədər?..»
Hələ təsdiqlənmiş rəy yoxdur.