
Xuraman Muradova - Sən ağlıma gələndə şeir yazmaq istərəm
Sən ağlıma gələndə şeir yazmaq istərəm
Xuraman Muradova
Sükut çökər qəlbimə, dinər həzin bir kaman,
Süzər kipriklərdən yaş illərə dönən zaman.
Gözlərimdə canlanar o ötüb keçən dövran,
Sən ağlıma gələndə şeir yazmaq istərəm.
Xəyalın addım-addım ruhuma pənah olar,
Könlümün sarayında sönməyən sabah olar.
Hər misram bir duatək göylərə agah olar,
Sən ağlıma gələndə şeir yazmaq istərəm.
Sevgimi bələyərəm gecənin qucağına,
Ürəyimi qoyaram eşqimin ocağına.
Üz tutub xatirənin o doğma sorağına,
Sən ağlıma gələndə şeir yazmaq istərəm.
Sanki kövrək bir külək pıçıldayar adını,
Duyaram duyğuların ən lətif qanadını.
Yenə şeirə bükərəm həsrətin fəryadını,
Sən ağlıma gələndə şeir yazmaq istərəm.
Şeir yazmaq istərəm
Hələ təsdiqlənmiş rəy yoxdur.