Xuraman Muradova

Xuraman Muradova: İnsan insana ümiddir...

Poeziya 12 Feb 2026 340
Xuraman Muradova: İnsan insana ümiddir...

Xuraman Muradova: İnsan insana ümiddir...

Ümiddir insana-  insan  dünyada,

Qaranlıq gecədə yanan bir çıraq.

Yıxılsan — əlindən o tutsun gərək,

Soyuq ürəklərdə isti bir ocaq.


İnsan bir sevgidir — tükənməz, bitməz,

Bölüşdükcə artar ən gözəl nemət.

Tənhalıq buzunu əridən günəş,

Kədərli gözlərdə parlayan qismət.


Biz bizə möhtacıq — təklik çətindir,

Həyatın mənası bu bağda gizli.

İnsan insan üçün böyük əmanət,

Yaşadan sevgilər…ürəkdə gizli…


Bəzən bir baxışla anlarıq sözü,

Dilə gəlməyən o, gizli kədəri.

İnsan insan üçün  bir dərman, məlhəm,

Sağaldar ruhdakı dərin izləri.


Qırma bir qəlbi ki, düzəltmək çətin,

Bu dünya incəlik, naz üstə durur.

Ən soyuq daşları əridər sevgi,

Ən sərt ürəkləri mərhəmət yuyur.


Gəl tutaq əl-ələ bu dar dünyada,

Ömür bir anlıqdır, tez gəlib keçər.

Yalnız özü üçün yaşayan insan,

Elə dünyadan da tək-tənha köçər.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

<p>İnsan ömrünü illər deyil,<br>qəlbində yaşatdığı gözəlliklər ölçür.</p>
- Xuraman Muradova