Blog Post Image

Xuraman Muradova: Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub

Xocalı soyqırımı bizim sağalmayan yaramız, qan yaddaşımızdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yaşanan dəhşətlər, qarın üstündə al qana bələnən körpələrimizin, qız-gəlinlərimizin göylərə bülənd olan naləsi, fəryadı illər ötsə də, bizim yaddaşımızdan silinməyəcək. Həmin gecə yaşanan dəhşətləri xatırladıqca damarımızda qanımız donur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə keçirilən anım tədbirində Azərbaycan, Türkiyə, Özbəkistan Yazıçılar birliklərinin üzvü, Əlişir Nəvai adına Özbəkistan Yazıçılar Birliyinin fəxri professoru Xuraman Muradova çıxışı zamanı səsləndirib.

Xuraman Muradova bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi insanlıq tarixini dəhşətə gətirən qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində ermənilərin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərində Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib.

O zamanlar Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Xocalı əhalisi aeroporta üz tutub düşmən pəncəsindən xilas olmaq üçün Ağdama getmək üçün niyyətlənsə də, silahlı hücuma məruz qalıblar. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, qadınlı-uşaqlı, qocalı-körpəli 613 nəfər işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

“Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi, rəşadətli Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərin nəticəsində Xocalı şəhəri erməni separatçılardan təmizlənib. Bu gün Xocalımızda üçrəngli Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir. Bu gün Xocalımız azaddır, azad Xocalı torpağında üçrəngli bayrağımız dalğalanır. Artıq biz əllərimizdə qırmızı qərənfillər Xocalı soyqırımını özündə əks etdirən “Ana harayı” abidəsini, Şəhidlər xiyabanını, bölgələrimizdəki şəhidlər məzarlıqlarını alnıaçıq, üzüağ, şəhidlərimizizin qisasının yerdə qalmamasından duyduğumuz qürur hissi ilə ziyarət edirik”,- deyə natiq bildirib.

Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyən Xuraman Muradova vurğulayıb ki, Müzəffər Ali Baş Komandanımızın cəsarətli addımları sayəsində, onun əzmi, iradəsi, sərkərdəliyi ilə bu gün xalqımız Xocalıdakı yurd yerlərini ziyarət edir, müqəddəs ata-baba torpaqlarını ziyarət etməyin, oraya yenidən qayıtmağın, ata yurdlarında ev-eşik sahibi olmağın sevincini yaşayır.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin, səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsinə təşkil olunan tədbirin əhəmiyyətini xüsusi vurğulayan Xuraman Muradova Azərbaycanın tanınmış milli düşüncəli xanım ziyalılarından olan, tarixçi-alim İradə Əlilinin böyük fədakarlıqla ərsəyə gətirdiyi “Xocalı: Şahidlər danışır” kitabının gələcək nəsillərdən ötrü milli-mənəvi yaddaş kitabı olduğunu söyləyib.

Çıxışının sonunda Xuraman Muradova tədbirin əsas təşəbbüskarı Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə, Daşkənddə Azərbaycanın həqiqətlərini dünya ictimaiyyətinə çatdıran, Xocalının haqq səsinə səs verən görkəmli alim, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinova, Daşkənd şəhər şurasının deputatı Cəmilə Şermuxammedovaya, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin professoru Adxambek Alimbekova, şair-tərcüməçi Şəhla Qasımovaya, özbək şairi Kərim Bəhriyevə, ürəyi Azərbaycanla döyünən hər kəsə dərin minnətdarlığını bildirib.

Sonda Xuraman Muradova “Xocalı harayım” şeirini səsləndirib

O gecə Xocalı qana boyandı,

O gecə vətənin ürəyi yandı,

O gecə haqq da özü haqqını dandı,

İçimi qanla yedim.

https://azertag.az/xeber/xuraman_muradova_xocali_soyqirimi_azerbaycan_tarixine_en_dehsetli_ve_facieli_sehifelerden_biri_kimi_daxil_olub-3436347