Blog Post Image

Xuraman Muradova "Uzaqdan gördüyüm ağac"

Bəzən insan uzaqdan bir ağaca baxır və sanki orada özünü görür. Mənim də gözümə elə bir ağac sataşdı. Onun həm yaşıl, həm də quru budaqları vardı. Bir tərəfi bahar kimi təravətli, digər tərəfi payız və qış kimi yorğun və sükut içindəydi. O an düşündüm ki, bu ağac mənim ürəyimin aynasıdır.

Hər budağında bir ömür, hər yarpağında bir nəğmə gizlənmişdi. Mən o ağacı seyr edərkən özümə baxır kimi oldum: bir az sevinc, bir az həsrət, bir az yorğunluq və ən əsası  ümid işığı var idi… Həyat da elə budur – həm gülüşü, həm kədəri, həm də susqunluğu ilə bütöv bir yol...

İzaholunmaz bir doğmalıqa sevdim o ağacı. Çünki o da mənim kimiydi…

Halından bəlli idi, çətinliklərlə baş-başa qalmış, amma təslim olmamış, əyilməmişdi... Solan budaqlarından tumuqcuqlar pöhrələmişdi sabaha ümidlə, inamla...
O andaca bədahətən bir şeir yazdım özümə bənzətdiyim o ağaca, ruhumun pıçıltılarını söylədim ona...


Uzaqdan gördüyüm ağac…
 Elə sən də mən kimiydin…

Uzaqdan gördüyüm ağac…
Həm yaşılın, həm qurunla-
Danışmaq istədim bir az.
Sanki bir ömür kimiydin...
Gövdənə yazılmış hər şey,
Yarı bahar, yarı payız,
Yarısı da qış kimiydin…

Bir tərəfin gənclik kimi təravətli,
Bir budağın günəşi qucaqlayırdı.
Bir tərəfin səssiz, sükut içindəydi.
Bir budağın sanki qəmlə ağlayırdı…

Yaşılınla qürurlan sən,
Qəm çəkmə qurumağından.
Sənin məğrur duruşun var 
Həyata meydan oxuyan…

Danışdın mənə susaraq,
Səni dinlədim sevgimlə.
Hər budağında bir ömür,
Hər yarpağında bir nəğmə…

Bir budağın qurusa da
Birində çiçəklər açar.
Həyat budur, yarı bahar
Yarı qışa qalar naçar...

Ona görə sevdim səni,
Çünki sən də mən kimiydin.
Bir az yorğun, bir az üzgün
Bir az susqun qəm kimiydin…

Sevda doluydu ürəyin,
İlk baharda qış kimiydin.
Həm qurumuş səhra kimi
Həm dolu yağış kimiydin…

Ürəyimlə sevdim səni,
Ellə sən də mən kimiydin.
Bir az sevgi, bir az həsrət,
Saçlarımda dən kimiydin…

Elə sən də mən kimiydin…
Elə sən də mən kimiydin…

      Xuraman Muradova