Bu şeir… ürəyimin ən həzin, ən duyğulu, həm də susqun- sükutlu anlarından doğuldu.
Sən ömrüm boyunca içimdə xəzinəm kimi qorudum, misra -misra əzizlədim dilimin əzbəri oldun, amma nə cümləmə sığdın, nə qələmin ucuna.
Hər sözüm sənsiz yarım qaldı, hər cümləm sənsiz sönük oldu.
Və artıq mən tükəndim… bitməz ümidlərin, puç arzuların və sənə həsrət qalan ruhumun yorğunluğunda tükəndi səbri-qərarım...
İndi izin ver, mən sənin həyat hekayəndə nöqtən olum… son vida, son dayanacaq, sükutun içində bitən bir cümlə kimi...
Sən uzaqda olsan da, hər zaman hər yerdə görürdüm səni...
Səmada, göydə, yerdə… sanki bütün varlığın məndən uzaq olsa da, amma mənimlə bir yerdə idi...
Artıq yoruldum...
Ruhunu da al get məndən daha; Olsun... getsən də, ruhumda izlərin qalacaq, hər nəfəsimdə, hər düşüncəmdə, hər yarımçıq sözümdə, yaşadığım hər həyəcanda...
Mən isə sadəcə bir nöqtə olmaq istəyirəm… səninlə başlayan, səninlə bitən hekayənin son nöqtəsi...
Sən mənim ən gözəl şeirim idin...
Yanlış hecalarım, yarımçıq vergüllərim, bitən nidalarım idin...
Səni hər qırılmış sözümdə, hər çatışmayan misramda yaşatdım...
Mən indi, bütün bu yarımçıq cümlələrin və sonsuz hisslərin arasında dayanmışam, ürəyimdəki son misra ilə…
Ürəyimin son nöqtəsi səninlə bağlandı...
Küsdü ruhumdakı sevgi, gözəl olan hər şey getdi.
Qələm susdu, amma ürək danışır… və deyir:
“Nöqtə qoy – qurtardı. Bitdi... O gedən qayıtmayacaq”
Bu şeir… uzaqlıqla dolu, həsrətlə, sevgiylə və küsülülüklə yoğrulmuş bir ürək səssizliyidir.
Hər misra, hər pauza, hər boşluq bir duyğu, bir xatirə, bir nəfəsdir.
Və hər nöqtə, həm son, həm də başlanğıcdır – sənin izinə yazılmış, mənim qəlbimdə yaşayan bir hekayənin sonu...