Blog Post Image

Xuraman Muradova " Bu gün bir dua eylə"

Bu gün bir dua eylə, könlündən gələn kimi,

Bəlkə duan kimsəyə yeni həyat verəcək.

Bu gün bir yaxşılıq et, gizlincə, sükut kimi,

Bəlkə də o yaxşılıq Cənnətə götürəcək.


Dua — Allahdan bizə verilmiş ən gözəl haqq,

Duada əlini aç, baş qaldır göylərə bax.

Dua — sükut içində danışan qəlbin səsi,

İnsana bəxş edilmiş Allahın hədiyyəsi.


Bir baxışla isindir bir ürəyi, bir canı,

Yaxşılıqla nur saçar bir insanın imanı.

Nə qədər ki, ömrün var, yaxşılıq et, dua et,

Unutma — dualarla sevər Allah cahanı.


Bəlkə dua zamanı kimsə xatırlayacaq,

Kimsə dərddən qurtarıb, sevincdən ağlayacaq.

Yaxşılıqla, duayla ömür yaşayanları

Allah özü bağrına basıb qucaqlayacaq…

Allah özü bağrına basıb qucaqlayacaq.