Blog Post Image

Xuraman Muradovanın Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanova ünvanladığı təbrik məktubu

Azərbaycan və Türkiyə Yazıçılar birliklərinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Xuraman Muradova Özbəkistan Respublikasının Azərbaycanda 

fövqəladə və səlahiyyətli səfiri  Bahrom Aşrafxanova təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

Hörmətli Bahrom Bəy!

İlk öncə bildirmək istəyirəm ki,Sizin ölkəmizə səfir təyin edildiyiniz vaxtdan etibarən ictimai fəaliyyətinizi, həyata keçirdiyiniz tədbirləri qürurla izləmiş və yüksək qiymətləndirmişik. Azərbaycan ziyalılarına göstərdiyiniz xüsusi qayğı və sayğı, hətta elm xadimlərimizi kitablarıyla, əsərlərinə istinadən xatırlamağınız, diqqətcilliyiniz və  təvazökarlığınız  hər birimiz tərəfindən yüksək  rəğbətlə qarşılanmaqdadır.

Mədəniyyətlərimizin tərəqqisinə yönəlmiş bütün xidmətləriniz, o cümlədən qardaş türk dövlətləri ilə elmi-mədəni-ədəbi müstəvidə dostluq, qardaşlıq və əməkdaşlığın inkişafı istiqamətində gördüyünüz gözəl işlər geniş mədəni aləmdə töhfələr verməkdədir. 

Hörmətli Bahrom bəy!

Bu gün elmə, sənətə, mədəniyyətə həsr etdiyiniz şərəfli ömrünüzün 56 ili tamam olur. Bu münasibətlə Sizi təbrik edir, ölkələrimiz arasında mədəni-ictimai əlaqələrin daha da güclənməsində məhsuldar fəaliyyətlərinizdə  Sizə davamlı uğurlar və möhkəm can sağlığı arzulayıram! 

Uca Allah qardaş xalqlarımızı, ortaq kökə, tarixə, mədəniyyətə söykənən dövlətlərimizi, İslam həmrəyliyini, Turan məfkurəsini düşüncəsində və əməllərində yaşadan ziyalı aydınlarımızı - Türk dünyamızın mədəni inkişafına çalışan Sizləri qorusun!

Hörmət və ehtiramla: Xuraman Muradova

Bakı şəhəri, 16 mart  2025-ci il