Blog Post Image

Xuraman Muradova: Gözəlliyin nuru imandır...

Nədir bu surətin rəngi, cilası?

Solar bir gün mütləq, qalmaz sədası.

Əsl gözəlliyin ruhda mənası,

Qəlbin tək aynası, yolu imandır.


Üzün xətlərinə aldanan kəslər,

Fani bir sarayın tozunu bəslər.

Ruhun dərinindən gələn o səslər,

Deyir: “Həqiqətin yolu imandır.”


İmansız bir ömür bənzər xəzana,

Zülmət bir quyudur, düşmə amana!

Kim ki, gəlib keçər baxar  cahana,

Ona tək qurtuluş yolu imandır.


Nə mülkə güvən sən, nə də ki şana,

Onlar bir kölgədir, sığmaz cahana.

Kim bəndəlik üçün gəlsə amana,

Varlığın mənası, yolu imandır.


Zahirin bəzəyi tez solub gedər,

Batinin nurudur bitməyən hünər.

Zülmət gecələri gündüzə dönər,

Ruhun tək çırağı, dili imandır.


Fəlakət içində itib-batma sən,

Dünya röyasına dalıb yatma sən.

Haqqın rızasını kənar atma sən,

Əbədi cənnətin gülü imandır.


Dünyanı gəzsən də gəda, ya sultan,

Səndən tək qalacaq yeganə  vicdan.

Əzəl və əbədi, hər iki dövran,

Möminin dövləti, malı imandır.