Blog Post Image

Xuraman Muradova: Bir gün köçüb gedəcəm...

Bir gün bu dünyadan köçəcəm mən də,

Ömür karvanımı sürüb gedəcəm.

Nə varı- dövləti, nə də şöhrəti,

Sözümü inci tək hörüb gedəcəm.


Mən bütün yarımçıq məktublarımı,

Mən bütün qəmimi, bütün sevgimi,

Bütün həsrətimi, bütün dərdimi,

Saxlayıb könlümdə qərib, gedəcəm.


Uşaqlıq həsrəti, kənd nisgilimi,

Solan gəncliyimin solan gülünü,

Ruhumun ən incə, kövrək dilini, 

Kitaba, varağa sərib gedəcəm.


Gedənlər qayıtmır, mən də bir yolçu,

Mənzilin sonuna qalmaram borclu,

Bir şair ömrüyəm özümə ovçu,

Sözü kəlmə- kəlmə dərib gedəcəm.


Cismim köçüb getsə, ruhum qalacaq,

Hər kəlməm bir sədəf, inci olacaq,

Məni sevən kəslər hey axtaracaq,

Ruhumu sizlərə verib gedəcəm.