Хураман Мурадовой вручена медаль КР «Чингиз Айтматов»
17 March 2025
Ən böyük şah əsərimsən,
Varlığımsan, gərəyimsən,
Nə yaxşı ki, sən mənimsən,
Ana dilim, doğma dilim.
Tariximin öz adısan,
Həyatın şirin dadısan,
Ruhumun sönməz odusan,
Ana dilim, doğma dilim!
Ömrümün söz yağışı sən,
Hər sözümün naxışı sən,
Bu dünyamın baxışı sən,
Ana dilim, doğma dilim!
Qədimdən gələn sorağım,
Haqqın səsi, haqq yarağım,
Zülmətdə yanan çırağım,
Ana dilim, doğma dilim!
Dünənimdən bu günümə,
Yaraşıqsan hər kəlməmə
Bir şəfəqsən, bu ömrümə,
Ana dilim, doğma dilim!
Ucalardan uca səssən,
Sən hər şeydən müqəddəssən.
Aldığım ən saf nəfəssən,
Ana dilim, doğma dilim!
Zirvələrdən axan çaysan,
Gecəmizə doğan aysan.
Sən tanrıdan bizə paysan,
Ana dilim, doğma dilim!
Gələcəyə körpü salan,
Haqq yolunda düz dayanan.
Vicdanlarda heç susmayan,
Ana dilim, doğma dilim!
Dastanlarda ulu səssən.
Dədə Qorqud- Şah əsərsən,
Ən müqəddəs bir nəfəssən,
Ana dilim, doğma dilim!
Nəsimitək haqqın dili,
Füzulinin eşq mənzili.
Sən xalqımın solmaz gülü,
Ana dilim, doğma dilim!
Anaların laylasısan,
Körpələrin duasısan,
Sən şərəfin öz adısan,
Ana dilim, doğma dilim!
Sən varsansa, biz də varıq,
Səninlə biz ucalarıq.
Göy üzündə bir bayrağıq,
Eşqim, andım, təntənəmsən,
Ana dilim, doğma dilim.