Blog Post Image

Xuraman Muradova "Sübh dualarım"

Sübhün  ilk anlarında dünya sükuta bürünür… Qaranlığın qoynunda işıq gizlənir, üfüqlər hələ oyanmamış olur. Və insan öz qəlbinin ən dərin səssizliyində bir nida eşidir. O nida – Yaradanla danışan ruhun səsidir.


Dua bu anlarda başqa cür səslənir: nə səslə deyilir, nə dillə… o, qəlbin pıçıltısına çevrilir. Buludları yara-yara ucalır, ulduzlara toxunur, mələklərin qanadına qarışır. İnsan o anda həm zəif, həm də güclü olur – zəif, çünki acizliyini anlayır; güclü, çünki imanın gücünü dərk edir.


Sübh duası – ruhun işığa doğru yoludur. Hər yalvarışda ümid doğulur, hər səcdədə sevgi böyüyür. Və o anlarda insan özünü Rəbbinə ən yaxın hiss edir.


Elə həmin anların nəfəsindən doğuldu içimdə bu misralar — “Sübh Dualarım”…


Sübh Dualarım


Sübh namazında – hələ qaranlıqda,

İşıq doğmamış, üfüqlər yanmamış.

Dənizlərin üzərindən süzülən dualarım,

Buludları yara-yara yüksəlir göylərə.


O dualar – qəlbimin sükut çiçəkləridir,

Yaradana boylanan yalvarış səsləridir,

Səmalara toxunur, ulduzlara qarışır,

Mələklər də dil açıb elə məndən danışır.


Sabahın sükutunda eşidilən bir nida,

Ümidimin çırağı, ruhumun yüksəlişi.

Göylərə qalxan o saf yalvarışlar...

Məni Rəbbimə ən yaxın edən anlar.


Şükürlə açılar dua əlləri,

Səmada pıçıldar iman dilləri.

Rəhmətin yağışı ruhuma qonar,

Ümidlə açılar könül gülləri.


O-Allaha bağlılıq o, ruhun pıçıltısı,

O, rəhmət yağışıdır, göydən yerə dönəcək.

Dua acizlik deyil, iman gücünün səsi,

O sevgidən yaranır, Yaradana dönəcək…

             Xuraman Muradova