Blog Post Image

Xuraman Muradova "Bağışlamağı öyrənirəm"

Bir zamanlar küsgünlüyüm çox idi,
Sözlərimdə sükut gizli qalmışdı.
Hər gileyim qəlbdə daşa dönmüşdü,
Ürəyimə küskünlük yol salmışdı.


İndi baxıram ki, ötüb o illər,
O daşlarda çiçəyə dönüb bitib.
Ağrılarım yumşalıb dualarda,
İncikliklərim də tükənib bitib.

Baxdım xəyanətə… baxdım ağrıya,
Gördüm… ürəyimdə sevgilər bitdi.
Düşündüm… əgər mən bağışlamasam,
Ömrüm də, günüm də… hədərə getdi.


Bağışlamaq — keçmişi silmək deyil,
“Məni incitməkdən əl çək!” deməkdir.
Ruhunda qaranlıq xatirələrə,
“Bir yolluq uzaqlaş, çıx get!” deməkdir.


Bağışlamaq — qəlbdə ən gözəl anım,
Öyrəndim bunları olub keçəndən.
Bağışlamaqımla aldım intiqam,
Ruhuma azadlığı bəxş eylədim mən.


Bağışladım dualar etmək üçün,
Bağışladım Cənnətə getmək üçün.
Bağışladım, Rəbbim də sevsin məni,
Nurlara qərq olsun gecəm, gündüzüm.


Bağışladım — susmağı sevdim bu gün,
Sükutun içində dindi gerçəyim.
Bağışladıqca ruhum dincəldi,
Açıldı Allaha dua əllərim.
Açıldı Allaha dua əllərim…